Yorğun

Lyrics: Pərviz Isaqov/Orxan Zeynallı/Elxan Zeynallı Music: Elvin Əmrahlı Qoy bu nəğmə laylan olsun Ağlasın, bəbəklərin yuyulsun Körpə yuxuda qanadlansın aləm Qoy bu nəğmə dünyam olsun Gizlənim içində yaddaşımdan Hər kitabəmin içində matəm
Qoy bu nəğmə leysan olsun Soyutsun içimi ləpələriylə Həsrət alovu yandıranda ciyərlərimi Qoy bu nəğmə insan olsun Mənə yaxın məndən, sevgilim olsun Oxusun göz yaşıyla əsərlərimi
Qoy bu nəğmə əbədi qalsın İllərin məsafəsiz axınlarında Desinlər: “Bir dəli bunu yazdı” Qoy bu nəğmə məktub olsun Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə Anlasın ki, tək deyil, piyalələr doldu
Buludlarla yağdı içimə yağışlar Yenə də tələsib evinə qaçışacaq piyadalar Röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə Sufi Dərviş güc verirdi, səbrimə, iradəmə
Minarələr səmanın üzünü tutaraq aparır içimi-çölümü Yaradanın hüzuruna qanlı günahlarla gəldim Parçalandı qış baharla, qar adamı da əridi səhərə Bilmirəm, rəhm edərmi, Tanrı məni məhv edərmi?
Gözlərimlə şahid oldum, sevgilər can verəndə Qanlı öskürəklə baxıram üzünə, ağlaya da bilmirəm Daxmamın qarşısında kor dilənçi Yoxdur verməyə heç nəyim, qapını bağlaya da bilmirəm
Yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün Əks sədası gəlmir hələ də, sonum harada? Yüz illik yuxudan oyanmış körpə kimiyəm Yaddaşım silindi, mən kiməm ki? Mənim adım - Qaraqan...
Gündəliklərdə vərəq qalmadı Bitirdim neçə qələmdə mürəkkəb Atmadım, doğmadır, saxladım Tək göründüm hər kəsə, təkəm sandılar Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq Bu qədər asandır Dön, nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır yolun sonunda Ölümlə görüşümə gecikirəm...
Qoy bu nəğmə tənha qalsın Günəşdən ilham alsın Ağ vərəqdə qaralansın Batsın dərin fikirlərdə
Ürəklərdə qoy bu nəğmə Köməyə gələn yoldaş olsun Kədərimdən xəbər verən Gözdən axan yaşla dolsun
Sətirlərimə sevgi qonsun Hər insan bir mələyə dönsün Qara donlu gecələr Ümid gətirən səhərə dönsün
Qoy bu nəğmə gülüşüntək Güllər açsın səhralarda Xoşbəxtlikdir məqsədim Axtarıram dumanlıqda
Xəyallarım həddi aşır Qoy bu nəğmə sərhəd olsun Həyatımdan bəhs edək Qoy bu nəğmə qeybət olsun
Sona çatır hər nağıl Qoy bu nəğmə sonsuz olsun Nəğmələrdə mövzu şərtdir Qoy bu nəğmə onsuz olsun
Uzaqlarda buludların arxasından boylanan Ulduzların simasında parıltılı həsrət var
Nəğməm üzdə gülüş olsun Ulduzlarçün oxunulsun Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir
Gəzintilər səbəbsizdir Etiraflar ürəksizdir Yalvarışlar ümidsizsə Qoy bu nəğmə ümid olsun
Kaş ancaq gecə yuxularında Üzdə qorxu olsun Gördüyümüz hər şirin yuxu Birdən doğru olsun
Hər tərəfdən günəş çıxsın Qoy bu nəğmə yalan olsun İllər ötüb keçsə, də Bu nəğməni duyan olsun
Hər bir kəsdən gizlənək Görüş sirrimiz olsun Buludlarda rəqs edək Qoy bu nəğmə bizim olsun
Gündəliklərdə vərəq qalmadı Bitirdim neçə qələmdə mürəkkəb Atmadım, doğmadır, saxladım Tək göründüm hər kəsə, təkəm sandılar Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön, yanımda cismin olsun Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq Bu qədər asandır Dön, nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır yolun sonunda Ölümlə görüşümə gecikirəm...
Qoy bu nəğmə bizim olsun...